İQTİSADİYYAT

Pensiya kapitalının bir hissəsinin kommunal xidmətə, kreditə ödənilməsi təklif edilir

Vətəndaşın 60 min manat pensiya kapital yığımı varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğundur.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququ var. Məsələn, bəzi ölkələrdə yığımların üçdəbiri kommunal xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri millət vəkili Vüqar Bayramov səsləndirib.
O bildirib ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur: "Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin.
Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu, həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər".
Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri davam edir. Millət vəkili komitə iclasında sosial sfera ilə bağlı təkliflər irəli sürüb.