BAKI, 19 noyabr — Sputnik. Gələn ildən Azərbaycanda meyitdən orqan götürmək mümkün olacaq. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiq edilməsi 2022-ci il 1 yanvar tarixindən etibarən tənzimlənəcək.
Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun 4-cü fəslində meyitdən donor orqanların götürülməsi məsələsi öz əksini tapıb. Belə ki, şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə bu qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər. Əgər şəxs sağlığında orqan donorluğu ilə bağlı bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirmədikdə, ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.
Qəza və təbii fəlakət nəticəsində beyin ölümü baş verdikdə sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində göstərilən qohumu olmayan şəxslərin meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanununa uyğun olaraq meyitin məhkəmə-tibbi ekspertizasına zərurət olduqda donor orqanların götürülməsi transplantasiya üzrə koordinatorun dəvət etdiyi məhkəmə-tibb ekspertinin iştirakı ilə həyata keçirilir. Qanunda o da qeyd olunub ki, şəxsin donorluqla bağlı iradə ifadəsini dəyişdirmək hüququ var.
Məlumat üçün onu da qeyd edək ki, meyitdən transplantasiya məqsədilə orqanların götürülməsi yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilə bilər. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanununa uyğun olaraq meyitin məhkəmə-tibb ekspertizasının aparılması tələb olunduqda ekspertiza məhkəmə-tibb eksperti tərəfindən donor orqanlar götürülərkən və ya orqanlar götürüldükdən sonra həyata keçirilir. Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində on beş il saxlanmalıdır. Donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.
Qeyd edək ki, hazırda meyitdən orqan götürülməsi və könüllü donorluq "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun icra mexanizmi hazırlanmadığından tətbiq olunmur.
Eləcə də oxuyun:
* Azərbaycan səhiyyəsində ilk - bir xəstəyə iki qaraciyər köçürüldü
* Başıbəlalı ürək: vertolyot qəzasından da, həkimin əlindən də salamat çıxdı - VİDEO