BAKI, 19 noyabr — Sputnik. Noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a məhkəmədən bildirilib.
Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Ali Məhkəmə Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.
Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılan qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır.
Azərbaycanda bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.
Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.
Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.
Plenumda, həmçinin konkret işlərə baxılıb.