BAKI, 19 noyabr — Sputnik. “Azəristiliktəchizat” ASC “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun bir hissəsini ödəyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
"Azəristiliktəchizat" ASC-nin bizə qaza görə olan borcunu ödəməsi üçün bir həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”, - deyə o qeyd edib.
R.Əliyev həmçinin qeyd edib ki, quruma borca görə verilən möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb: “Əgər o vaxta qədər ödəniş olmasa, biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".
Qeyd edək ki, dünən "Azəristiliktəchizat" ASC-nin mavi yanacağa görə “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun məbləği açıqlanıb. Son məlumata görə, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İB-ə 34,3 milyon manat borcu var.
"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, borclu tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu iddia edir: "Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur.
İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb. Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman "Azəristiliktəchizat" deyəcək ki, "Azəriqaz" İB qaz vermir. Nəticədə də "Azəriqaz" İB qınaq obyektinə çevriləcək".
Həmçinin oxuyun: