İQTİSADİYYAT

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşacaq

Gələn ildən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq. Bununla bağlı Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər tətbiq ediləcək.
2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanacaq. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.
Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu gün əhalinin çoxu marketlərdən alış-veriş edir, bazarlar xeyli azalıb:

"Marketlər kənd təsərrüfatı məhsulunu 1 manata alıb, 1 manat 30 qəpiyə satacaqsa, burada 30 qəpiyin əlavə dəyər vergisi hesablanacaq. Yəni bu, 1 manata şamil edilməyəcək. Məsələn, 1 manat 30 qəpiyin 18 faizi təxminən 20 qəpik edirsə, 30 qəpiyin 18 faizi təxminən 5 qəpik edəcək. Əvvəl isə ƏDV, məhsulun tam dəyərinin 18 faiz dərəcəsi ilə hesablanırdı. Bu addım kənd təsərrüfatı məhsullarının qiymətinə müəyyən qədər təsir edəcək".

"Kənd təsərrüfatı məhsullarının satış qiyməti o qədər də böyük deyil. Bu, satış qiymətinin marjasından asılı olacaq. Marketlər üçün marja nə qədər yüksək olacaqsa, ƏDV də o qədər yüksək olacaq. Bunu ona görə edirlər ki, supermarketlər məhsulun üzərinə daha çox marja qoymasınlar. Bu addımın ümumi qiymətlərə ən azından 3-5 faizlik təsiri olmalıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, digər dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.
Dövlət Vergi Xidmətindən bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcək. Bu da qiymətlərin azalmasına təsir edəcək.