SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Azərbaycan və Ermənistana kömək təklif etdi

İran XİN-in sözçüsü bildirib ki, önun ölkəsi bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətipzadə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalara görə ölkəsinin narahat olduğunu açıqlayıb.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Səid Xətipzadə tərəfləri təmkinli olmağa və gərginliyin artırılmasından çəkinməyə çağırıb.
"Ölkələrin bir-birinin sərhədlərinə hörmətlə yanaşması vacibdir. Bu baxımdan Ermənistan və Azərbaycan məsələlərin dialoq və sülh yolu ilə həllinə səy göstərməlidir. Mövcud gərginlik bölgəmizdə sülhün qorunması və inkişafın təmin edilməsinə əngəl yaradır. İran əvvəl də olduğu kimi bu gün də bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır", - deyə S.Xətipzadə bildirib.
Qeyd edək ki, Ermənistan hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlamışdı. Ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.