SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” - deputat təkid edir

Sputnik
BAKI, 17 noyabr — Sputnik. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və regionda sülh yaranmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
"Dünən bizim Ordumuzun qəhrəman əsgər və zabitləri erməni təxribatının qarşısını alıb, şəhid və yaralılarımız var. Ermənistan sülhə məcbur edilməli və ölkəmizin ərazi bütövlüyünü tanımalıdır", - deputat deyib.
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.