İQTİSADİYYAT

Azərbaycan və İranın enerji rəsmiləri görüşəcəklər

İclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan və İranın enerji üzrə nümayəndələrinin "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları üzrə görüşü nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında keçirilən növbəti iclasında məlumat verilib.
Məlumata görə, iclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib. Həmçinin birgə texniki komissiyanın növbəti görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dir. O cümlədən "Xudafərin" SES-in gücü 200 MVT, "Qız Qalası" SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.