BAKI, 16 noyabr — Sputnik. Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Sputnik Azərbaycan xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə dueldən qalib ayrılıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda italiyalı Silviya Semeraro ilə döyüşəcək.
Bu gün mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitiriblər. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib. Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.
Digər titullu karateçimiz Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulacaq.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 noyabrda keçiriləcək para-karate üzrə dünya çempionatında 21 dövlətdən 81 idmançı qatılacaq. Azərbaycan yarışda 22 idmançı ilə təmsil olunur. Onlardan 5-i para-karateçilərin mübarizəsinə qatılacaq.