BAKI, 16 noyabr — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayır.
Sputnik Azərbaycan AZAL-a istinadən xəbər verir ki, Bakı – Əl-Küveyt – Bakı marşrutu üzrə birbaşa reyslərin 1 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri Airbus A319 hava gəmisində yerinə yetiriləcək.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Küveytə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-kuwait
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan
Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
Eləcə də oxuyun: