BAKI, 13 noyabr — Sputnik. Rasiona əlavə olunduqda xərçəngin inkişaf riskinizi azalda biləcək üç ədviyyat siyahıya alınıb. Bu barədə "Express"in materialında bildirilib.
Bu ədviyyatların yeməyə əlavə edilməsi ömrü uzatmaqla yanaşı, həm də bir sıra digər xəstəliklərin inkişafının qarşısını da ala biləcək.
Faydalı ədviyatlar siyahısında birinci yerdə sarıkök durur ki, bu da onkoloji və yaşla bağlı xəstəliklər riskini azaltmağa kömək edir.
"Sarıkök lipid peroksidləşməsi inhibasiyası ilə ömrü uzada bilər. O, həmçinin antioksidan fəaliyyətini artırır", - deyə nəşrin məqaləsində qeyd edilib.
Müşahidələr zamanı bir ay ərzində 4 qram sarıkök qəbul edən insanlarda yoğun bağırsağın zədələnməsi 40% azalıb. Belə nəticələr onkoloji xəstəliyin yaranmasının qarşısını ala bilər.
Siyahıda ikinci yerdə olan darçın ikinci tip diabet xəstəliyində qan şəkərini aşağı salmağa müvəffəq olur. Bununla yanaşı, nəşrdə qeyd edilir ki, darçın iltihabın aradan qaldırılmasına kömək edir. Darçın ekstraktı isə xərçəng hüceyrələrinin yayılmasını azalda bilir.
Bu siyahıdakı sonuncu ədviyyat beyin və yaddaş funksiyasının yaxşılaşdırılmasına kömək edən adaçayıdır. O, həmçinin Alzheimer xəstəliyinə qarşı da təsirlidir. Bundan əlavə, adaçayı ürək xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur.
Bu yaxınlarda bildirilib ki, süni intellekt onkoloji əlamətləri ilkin mərhələdə müəyyən etməyi öyrənib.