HADİSƏ

Həbsxanaya poçtla narkotik göndərdilər

Poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada metamfetamin və heroin aşkar edilib.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,653 qram olan heroin aşkar edilib.