BAKI, 12 noyabr — Sputnik. Oğuz rayonunda polis əməkdaşları qəzaya düşüblər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunda qeydə alınıb. Oğuzun Filfilli kənd sakini, 26 yaşlı Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
Gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Oğuzun Yemişənli kənd sakini, 23 yaşlı İbrahim Nizami oğlu Səfərov isə müxtəlif bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra isə Bakı şəhərindəki klinikalardan birinə göndərilib.
Hər iki şəxs Oğuz Rayon Polis Şöbəsinin əməkdaşıdır. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. İlkin ehtimala görə, qəzaya səbəb dumanlı və çiskinli hava şəraiti olub.