SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi

Zahid Oruc deyib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Gürcüstanda sahə inpektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əmək haqqı alırlar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır", - komitə sədri vurğulayıb.
O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də öz əksini tapmalıdır.
Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir. Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.