BAKI, 11 noyabr — Sputnik. Paytaxtda dünən axşam saatlarından əsən güclü külək Bakıda bir sıra dağıntılara, insanların xəsarət almasına səbəb olub. Sosial şəbəkələrdə Milli Məclisin binasının üzlüyünün qopduğu, küçələrdə ağacların aşdığı, binalardan şüşələrin qırılaraq düşdüyünü əks etdirən görüntülər yayılıb. Hətta Bakıda yaşayış binasında bir eyvan da küləyin təsirindən uçub. Külək paytaxtda 10-dan çox məktəbə də ziyan vurub.
Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, paytaxtda küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan birinə yerində yardım edilib, biri yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Göründüyü kimi Bakıda binalar bir günlük küləyə tab gətirə bilmədi. Bu bir daha paytaxtda küləyin Bakı sakinlərinin həyatı üçün təhlükə məsələsini gündəmə gətirib. Bəs görəsən paytaxtda i yaşayış və qeyri-yaşayış binaları istismara verilərkən küləyə davamlılığı yoxlanılırmı? Paytaxtda külək əsən kimi binaların təhlükə mənbəyinə çevrilməsinə görə kim cavabdehdir?
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirdilər ki, onların balansında olan binalar daim yoxlanılır. Dam örtükləri və digər qopma təhlükəsi olan konstruktorlar bərkidilir: "Bakı Şəhər İcra Hakimiyyətinin balansında 5 mindən çox bina var. Həmin binaların çoxu rənglənib yaxud da ağlay vurulub. Həmin binalar küləyə görə yoxlanılır. Digər binalarla bağlı bizim heç bir cavabdehliyimiz yoxdur. Məsələn, Milli Məclisin binasının təmirini Parlamentin Tikinti İdarəsi aparıb. Həmin İdarə də buna görə cavabdehdir".
Təhlükəsizlik məsələsi üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, binaların üzlükləri, dam örütkləri, metal konstruksiyaları, məhəccərləri elə bərkidilməlidir ki, bütün əlverişsiz hava şəraitlərinə uyğun olsun. Onun sözlərinə görə, binalar inşa edilərkən layihələndirilmədə bunlar hamısı öz əksini tapır:
"Ona görə də buna ciddi nəzarət olunmalıdır. Tikinti başa çatdıqdan sonra binanın fasadına vurulan fasadın nə qədər davamlı olması yoxlanılmalıdır. Burada tikintini aparan şirkətlərin məsuliyyəti böyükdür. Onlar nəzərə almalıdır ki, onların binalarda istifadə etdiyi materiallar keyfiyyətli olmalı, onlar quraşdırılarkən əlverişsiz hava şəraiti nəzərə alınmalıdır".
E. Nurəliyev bildirir ki, müvafiq qurumlar tərəfindən tikinti işi başa çatdıqdan sonra layihəyə uyğun tikilib-tikilmədiyi monitorinq edilməlidir. Əgər layihədən kənarlaşma və təhlükəsizlik standartlarına cavab vermirsə bina təhvil götürülməməlidir.
Ekspert deyir ki, binalarda eyvanların şüşəbənd edilməsi də küləkli havada təhlükə yarada bilər. Onun sözlərinə görə, əlverişsiz havada insanlar belə binaların qarşısından keçərkən ehtiyatlı olmalıdır. Həmçinin vətəndaşlar da məsuliyyətli davranmalı, eyvana lazımsız əşyalardan təmizləməlidilər.
Sputnik Azərbaycan-a mövzu ilə bağlı açıqlama verən tikintidə təhlükəsizlik üzrə ekspert Samir Nəbi bildirib ki, binalar hələ inşa olunarkən minimum 6 baldan yuxarı külək olduqda tikinti işləri dayandırılmalıdır. Bundan əlavə binalar tikildikdən sonra iki mərhələdə yoxlanılır:
"Bina tam təhvil veriləndə tikinti normativlərinə uyğun olmalıdır. İstismara verildikdən sonra isə ildə bir dəfə yoxlanılmalıdır. Yerli MİS-lərin balansında olan binlarla yanaşı MTK-ların nəzdində olan binalar da onların texniki işçiləri tərəfindən yoxlanılmalıdır. Mövsümlə əlaqədar yoxlama keçirməli, dam və fasad örtükləri yoxlanılmalıdır".
Onu sözlərinə görə, davamlı yoxlama olmadığından MİS və MTK-ların balansında olan binalarla bağlı hər zaman külək əsən kimi problemlər müşahidə olunacaq. Çünki, həmin qurumlar qaydaya əsasən binalarda ildə bir dəfə yoxlama apararaq bərkitmə işləri aparmır.
Ekspert bildirir ki, tikinti zamanı müvəqqəti quraşdırılan avadanlıqlar da küləyin sürətinə görə sökülməlidir.
E. Nəbi deyir ki, binada olan çatışmazlıqlarla bağlı məsuliyyət təhvil götürən qurumun üzərinə düşür. Əgər bina müqavilə ilə təmir olunubsa, bu zaman təmirdən sonra yaranan problemlərə görə təmiri aparan şirkət məsuliyyət daşıyır.
Həmçinin oxuyun: