BAKI, 11 noyabr — Sputnik. Qlobal iqlim dəyişiklikləri Sakit okeandakı bir sıra xırda ölkələrin məhvinə, Cənub-Şərqi Asiyada qasırğa və daşqınlara gətirib çıxara bilər. Avstraliyada meşə yanğınları müntəzəm xarakter ala, Himalay və And dağları arasındakı yeganə tropik buzlaq isə yaxın beş il ərzində əriyə bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) çərşənbə günü, noyabrın 10-da dərc olunmuş məruzəsində deyilir.
ÜMT ekspertlərinin fikrincə, Sakit okeanın cənub-qərb hissəsində su səthindəki temperatur orta dünya templərinə nisbətən üç dəfə sürətlə artır. İsti dəniz dalğaları rəngarəng mərcan riflərinin solub məhv olmasına, eyni zamanda regionun həyatının asılı olduğu ekosistemlərin çökməsinə səbəb olur.
Təşkilatdan bildirirlər ki, əgər qlobal temperatur sənayeyəqədərki dövrdəkindən 2o dərəcə C yüksək olarsa, o zaman Mərcan üçbucağı və Böyük Sədd Rifindəki mərcanların 90%-i ciddi deqradasiyaya uğramaq təhlükəsiylə üz-üzə qalacaq. İstilik, oksigenin azalması, turşuluğun artması okeanların kimyəvi tərkibi və sirkulyasiya xüsusiyyətlərini dəyişir, bu isə öz növbəsində balıqların və planktonun miqrasiyasına təsir göstərir. Bu, Sakit okeanın sahilyanı balıqçılığın əsas fəaliyyət sahəsi olduğu bir sıra kiçik adası üçün faciə ilə nəticələnə bilər. 1990-2018-ci illər arasında ümumi balıq məhsullarının həcmi Vanuatuda 75, Tonqada 23, Yeni Kaledoniyada 15% azalıb.
Bundan başqa, temperatur yüksəlməyə davam edərsə, yaxın beş il ərzində Papua-Yeni Qvineyadakı Karstens piramidası kimi tanınan Caya dağındakı buzlaq da əriyə bilər. Bu, Himalayla And arasında qalmış yeganə tropik buzlaqdır.