BAKI, 10 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov UNESCO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib. O, Azərbaycanın UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş "Bakı Prosesi" kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində rəsmi Bakının mədəniyyətlər və dinlər arası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.
Azərbaycan-UNESCO Etimad Fondundan Təşkilatın iki əsas prioritetlərindən olan Qlobal Afrika Prioriteti və Gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir, pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.
Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, UNESCO Baş qərargahında təşkil edilmiş tədbirin həm-təşkilatçısı olduğuna görə Baş direktora təşəkkürünü bildirib.
Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Eləcə də oxuyun:
* Azərbaycanın UNESCO-nun siyahısına salınmış maddi və mədəni irsi