RUSİYA

"SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsi vacibdir" - Sergey Şoyqu

Sputnik
BAKI, 10 noyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
İclas zamanı çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təşkilatın 30 illiyi ərəfəsində görüşün keçirilməsinin simvolik olduğunu bildirib.
Rusiya müdafiə naziri bildirib ki, nazirlər şurası formatı tərəfdaşlıq spektrını genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları istiqamətində səmərəli qərarlar qəbul etməyə imkan verir.
Sergey Şoyqu, o cümlədən SSRİ-nin keçmiş ərazisində sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb: "Əminəm ki, Şuranın bugünkü iclası konstruktiv atmosferdə keçəcək və onun nəticələri dövlətlərimizdə sülhün və sabitliyin qorunmasına töhfə verəcəkdir".
Qeyd edək ki, Rusiyada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcək.