DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sabah Türkiyə Parisdə mühüm sazişə qoşulacaq

Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Türkiyə sabah Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq.
Report bu barədə Anadolu Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.
Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.
Ankara razılaşmanın 192-ci tərəfi olacaq.
Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.
Türkiyə, xüsusilə 2030-cu ilə qədər havaya atılan tullantıları 21 faiz azaltmağı, 2053-cü ilə qədər isə tullantıları sıfır faizə çatdırmağı öhdəsinə götürüb.