AZƏRBAYCAN XƏBƏRLƏRİ

65 yaşlı dərzi: “Ən böyük bayrağı tikib, Ağdam şəhərinin mərkəzindən asmaq arzusundayam”

Valeh Məmmədovun ötən il tikdiyi bayraq 16 metr uzunluğunda, 3 metr enində olub. O, Mingəçevirdə ölçüsünə görə ən böyük bayraqdır.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. İşğal altında olan torpaqları qarış-qarış azad edən qəhrəman əsgərlərimiz Qələbənin təməlini qoydular. 44 günlük ölüm-dirim savaşında hər bir əsgər, zabit yalnız irəli gedib, azad olunan torpaqlara üçrəngli bayrağımızı sancmağa can atırdı. Onların bir istəyi vardı: 30 illik həsrətə son qoyub, ata-baba yurdumuza qovuşmaq.
2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına qarşı başlanan əks-hücum əməliyyatı zamanı ölkədə hər binada, hər evdə, avtomobillərdən bayraqlar asıldı. Döyüş meydanından gələn qələbə xəbərləri insanları daha da ruhlandırdı. Bu zaman bayrağa olan tələbat günbəgün artdı.
Mingəçevirdə məcburi köçkünlərin binasından asılan bayraq isə həm şəhərlilərin, həm də qonaqların diqqətini çəkirdi. Belə ki, doqquzmərtəbəli binada böyük Azərbaycan, Türkiyə, Pakistan bayraqları asılmışdı. Onlardan ən böyüyü 16 metr uzunluğunda olan üçrəngli bayrağımız idi. Həmin bayrağı Ağdam rayon sakini Valeh Məmmədov dörd günə tikmişdi.
Valeh Məmmədov
“Dərziliyi dayımdan öyrənmişəm. 1970-ci ildən tək işləməyə başladım. 1993-cü ildə doğma rayonumuz Ağdam ermənilər tərəfindən işğal edildikdən sonra bir müddət işsiz qaldım. Sonra Mingəçvirdə öz sevimli peşəmlə məşğul olmağa başladım. Düzünü desəm, Vətən müharibəsi başlayana qədər bayraq tikməmişdim. Amma həmin ərəfədə hər tərəf milli atributumuzla bəzədilirdi. Bayrağa tələbat da çox idi. Elə onda başladım bayraq tikib sakinlərə paylamağa", - Məmmədov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində deyir.
Dərzi deyir ki, böyük bayraq tikilməsi təşəbbüsünü sakinlər irəli sürüblər: "Ən maraqlı məqam isə o oldu ki, yaşadığımız şəhərciyin sakinləri 9 mərtəbəli binanın üzərini tuta biləcək bayraq hazırlamağı məndən xahiş etdilər. Mən də yox demədim, dörd gün ərzində 16 metr uzunluğunda Azərbaycan, ondan bir qədər kiçik Türkiyə və 3 metrə yaxın uzunluğu olan Pakistan bayraqlarını tikib hazırladım. Asdıq binadan. Bu, Mingəçevirdə ən böyük bayraq idi".
"Ondan sonra bir arzum qalıb, - ağdamlı məcburi köçkün deyir. - Daha böyük ölçülü bayraq hazırlayacam, onu doğma yurdum Ağdamın mərkəzində, ən hündür hissədən assınlar”.
Valeh Məmmədov
Hazırda Mingəçevirdə kiçik bir məkanda çalışan Valeh Məmmədov sifarişlər olduqca müxtəlif ölçülü bayraqlar hazırlayır. Amma tezliklə doğulub boya-başa çatdığı Ağdamın yenidənqurmadan sonra öz doğma sakinlərinə qucaq açacağı günü səbirsizliklə gözləyir.
Eləcə də oxuyun:
* O mənim millətimin ulduzudur, parlayacaq!
* İstanbulda məşhur körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb
* Mais Bərxudarov Şuşada Azərbaycan bayrağını qaldırdı - video
* Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər
* İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə "yığmaq" istəyir