BAKI, 8 noyabr — Sputnik. Son bir neçə ayda inşaat materiallarının qiyməti artıb. Bahalaşma ilə yanaşı, istehsalda azalma da müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı 72,2 azalıb. Eyni dövrdə ölkədə 625,4 milyon manatlıq tikinti materialı istehsal olunub.
Sputnik Azərbaycan hazırda tikinti materialları bazarındakı vəziyyəti, cari qiymətləri və bahalaşmanın səbəblərini araşdırıb.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında qiymət artımının alıcılıq qabiliyyətinə, eyni zamanda tikinti şirkətlərinin fəaliyyətinə təsirsiz ötüşmədiyini deyir: "Məsələn, son illərdə armaturun qiymətində iki dəfəyədək artım müşahidə olunub. Məsələn, 2016-2017-ci illərdə bir ton yerli armaturun qiyməti 780 manat idisə, artıq 1550-1600 manatdır. Münbit şərait yaradılmalıdır ki, tikinti şirkətləri həmin armaturu xaricdən özləri gətirə bilsinlər. Xaricdən gətirilən armatur vergidən azad edilərsə, digər prioritet məsələlərə toxunularsa, tikinti şirkətləri üçün inşaatın maya dəyəri qalxmaz".
Ekspert deyir ki, belə olan halda tikinti şirkətləri daha çox bina inşa edib mənzil sata biləcəklər, alıcılıq qabiliyyəti də yüksələcək.
Tikinti şirkətinin rəhbəri olan Elmir Sultanov qarşılaşdıqları problemdən danışıb, bildirib ki, elə material var ki, altmış, eləsi də var ki, otuz faiz bahalaşıb:
"Materialların bahalaşması tikinti bazarına mənfi təsir etdi, alıcılıq qüvvəsi zəiflədi. Bu səbəbdən materiallar bahalaşsa da, biz qiymətləri qaldıra bilmirik. Lakin tikinti materialları olmadan da inşaat işini aparmaq olmur. Taxta materialları 200-250 AZN idisə, indi 450 AZN-dir".
Onun sözlərinə görə, ən çox bahalaşan armatur və taxtadır. O, ötən illə müqayisədə bazarda, alıcılıq qabiliyyətində irəliləyişin olmadığını bildirir. Şirkət rəhbərinin sözlərinə görə, öncələr aya 6-7 mənzil satılırdısa, hazırda bu rəqəm 1-2-dir.
Vəziyyətdən çıxış yollarından danışan sahibkar bildirir ki, verilən kreditlərin faizi çox yüksəkdir, bunun azaldılmasına ehtiyac var: "Ən çox işçi qüvvəsinin olduğu sahə tikintidir. Kredit faizlərinin aşağı olması çox gözəl olardı. Bundan başqa, vətəndaşlara verilən ipoteka şərtləri də yüngülləşdirilməlidir. İpoteka götürmək üçün o qədər şərtlər qoyurlar ki, vətəndaş bundan imtina edir. Vətəndaş pul verib ev almalıdır, ipoteka faizləri aşağı olmalıdır. Bütün sektorlarda güzəşt lazımdır. Amma bir də görürsən ki, dana saxlayana 2 milyon manat vəsait ayırırlar. Dana xəstələnir, ölür. Tikinti şirkətləri üçün isə daha az vəsait ayrılır".
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsulların həm istehsalında, həm də satışında ciddi artım müşahidə edilib. Belə ki, polad pəstah istehsalında 15%, armatur istehsalında 4%, polad məftil istehsalında 40%, boru istehsalında 14% artıma nail olub.
Hesabat dövründə satışdan gəlirlər ötən ilin analoji dövrü ilə müqayisədə 54% artıb. Belə ki, 2020-ci yanvar-sentyabr ayları üzrə satışdan gəlirlər 134 499 671 manat (ƏDV-siz), 2021-ci ilin müvafiq dövrü üzrə isə 206 662 362 manat (ƏDV-siz) təşkil edib. Bununla yanaşı, “Baku Steel Company”nin mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb. Belə ki, BSC ötən ilin analoji dövrünü təqribən 475 669 manat EBITDA ilə başa vurmuşdusa, 2021-ci ildə bu göstərici 138 dəfədən çox (13840%) artaraq 65 839 488 manat təşkil edib.
Əgər ötən ilin 9 ayında EBITDA ümumi satışa olan nisbətdə 0,35% olmuşdusa, bu il bu rəqəm kəskin şəkildə artaraq 31,85%-ə çatıb. Hesabat dövründə şirkətin ümumi mənfəəti ötən ilin analoji dövrünə nisbətən 68 137 278 AZN artıb. Yəni şirkət əgər ötən ilin yanvar-sentyabr aylarını 12 462 168 AZN zərərlə başa vurmuşdusa, 2021-ci ilin 9 ayı ərzində vəziyyət kökündən dəyişib və 55 675 110 manat ümumi mənfəət əldə edib. Eyni zamanda, qazanılmış mənfəət hesabına şirkətin sərbəst vəsaitlərində də artım müşahidə edilib.
Ekspertlər isə tikinti materialları bazarında müşahidə olunan bahalaşmanın mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcəyini proqnozlaşdırır.
Hazırda tikinti materialları bazarında sementin 1 kisəsinin qiyməti 6.5 manat, kiçik ölçülü kərpicin bir ədədi 0.16-0.25 AZN, böyük ölçülü kərpicin bir ədədi 0.35-0.46 AZN, suvağın qiyməti - 4.6 manat, kafel-metlaxın 1 ədədi 3.6 - 5.5 AZN, 1 kv.m döşəmə taxtası - 19 AZN, 1 kv.m daş yunu - 3.5 AZN, 1 kv.m penoplast - 1.05 - 10.3 AZN, 1 kv. m alçipan - 5.5 - 8.5 AZN, 1 kv.m pəncərə-qapı - 50-80 AZN olub. 1 kv.m dam örtüyünün qiyməti 5 - 10 AZN, 1 kv.m mərmər daşların qiyməti - 18-150 AZN, daş döşəmələr - 5-8 AZN, parket 16-18 AZN arasında dəyişilir.