CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədrinin açqılaması: 11 yaşlı qız təhsilə qaytarılacaq

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. İmişlidə 11 yaşında təcavüzə uğrayaraq uşaq dünyaya gətirən qız təhsilini davam etdirəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Komitə sədri deyib ki, bunun üçün müəyyən müddət tələb olunur:

"Əlbətə ki, 11 yaşlı qız təhsilə qayıtmalıdır. Amma burada vacib, incə məqamları var. Biz onu da nəzərə almalıyıq ki, 11 yaşlı qızla bağlı məlumatlar təfərrüatı ilə geniş auditoriyaya çatdırılıb. Çox istərdik ki, mətbuat və sosial şəbəkələr belə hadisələr baş verdikdə hadisəni detallı şəkildə, xırdalıqlarına qədər açıqlamasınlar. Çünki, insanların sonrakı həyatı və bərpa prosesi çətinləşir. Həmin qızın təhsilə və əvvəlki yaşadıqları yerə qayıtması mümkünsüz olur. Ona görə də uyğun qərarların icrası üçün müəyyən vaxt tələb olunur. Biz elə etməliyik ki, onlar öz həyatlarını sərbəst, azad şəkildə davam etdirə bilsinlər".

Məktəbli qız, arxiv şəkli
B.Muradova həmçinin qeyd edib ki, 11 yaşlı qızın ana olması ailə faciəsidir. Onun sözlərinə görə, bu, ilk növbədə fərdi və psixoloji məsələdir:

"Əlbəttə ki, bunun sosial və iqtisadi əsasları üzərində də fikir mübadiləsi aparmaq olar. Amma bu, istənilən halda ailə, insan faciəsidir. Biz belə hadisələrin qarşısını almaq üçün səlahiyyətlərimiz çərçivəsində işlərimizi görürük. Konkret bu məsələyə gəldikdə isə təəssüf ki, 11 yaşlı qızın hamiləliyi uzun müddət gizli qalıb. Biz ictimaiyyətə müraciət etmişik ki, ətraflarında baş vermiş belə hadisələrə biganə qalmasınlar. Dövlət orqanlarına müvafiq məlumatı versinlər ki, biz belə hadisələrin pis nəticə olmamış qarşısını alaq. Burada isə biz fakt qarşısında qalmışıq. Belə olan halda da qurumların səlahiyyətlərinə uyğun vəzifələri var ki, o vəzifələrini yerinə yetirməlidirlər. Biz Komitə olaraq bu ailənin psixososial qiymətləndirməsini aparırıq. Bunun üçün bizim yerli Mərkəzlərin nümayəndələri və icra hakimiyyəti yanında fəaliyyət göstərən xüsusi komissiyalar var ki, onların nümayəndələrinin iştirakı ilə psixososial cəhətdən dəyərləndirilmə aparılır, təcavüzə məruz qalmış qızın və onunla bir evdə yaşayan ailə üzvülərinin reablitasiyası, bundan sonrakı həyatı üçün lazım olan qərarlar verilir".

B.Muradova onu da əlavə edib ki, bu məsələ təkcə Komitədən asılı olan məsələ deyil. Müvafiq dövlət qurumları da bu prosesə cəlb olunur.
Komitə sədri bildirib ki, hər qurum bu məsələdə öz səlahiyyəti çərçivəsində üzərinə düşən işi görür:
"Bizim isə slahiyyətlərimiz və vəzifələrimiz ondan ibarətdir ki, ailəyə səfər edirik, vəziyyəti dəyərləndiririk. Onların nəyə ehtiyacları olduğunu müəyyənləşdiririk. Ehtiyacların ödənilməsi üçün onları müvafiq xidmətlərə yönəldirik. Bizim nümayəndəmiz xəstəxanaya və qızın ailəsinə səfər edərək görüşlər keçirib, psixososial qiymətləndirmə aparıb. Biz qərara gəlmişik ki, onlar dövlət müəssisəsinə yerləşdirilməlidir. Hazırda qız xəstəxanadan çıxardılıb, anası və qardaşı ilə birgə dövlət sığınacağınadır. Orada müəyyən reablitasiya keçəcək. Mütləq şəkildə onların psixoloji reablitasiyaya ehtiyacları vardır. Bu işlər bitdikdən sonra qızın gələcək taleyi ilə bağlı aidiyyatı qurumlarla birgə müəyyən qərarlar qəbul edəcəyik".
Qeyd edək ki, İmişlidə 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 30-31 həftəlik körpə doğulduqdan bir neçə gün sonra tələf olub. Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Həmçinin oxuyun:
Zorakılığa məruz qalan on bir yaşlı uşağın qardaşının taleyi məlum oldu
"Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir"