BAKI, 5 noyabr — Sputnik. Bərpa olunan enerji mənbələrinin qlobal istehlakda rolu artırılmalıdır. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VIII Bakı Qlobal Forumu çərçivəsində "Qlobal iqlim dəyişikliyi ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması: Hər iki məsələni eyni vaxtda necə həll etmək olar" adlı paneldə çıxışında deyib.
Onun sözlərinə görə, qlobal istiləşmə, iqlim dəyişikliyi artıq bu gün reallığa çevrilib: "Qlazqodakı qərarlar və nəticələr bizim bacarıqlarımızı və vədlərimizi və onların reallaşmasını müəyyən edəcək. Enerji resursları və iqlim dəyişikliyi məsələsində üç əsas komponent diqqətdə olmalıdır: "ağıllı" enerjiyə keçid, iqtisadi inkişaf və iqlim dəyişikliyi ilə mübarizə. Biz qərarlar qəbul edəndə bunları nəzərə alırıq".
O bildirib ki, əsas məsələ bu üç komponent arasında balansı tapmaqdır: "Belə ki, doğru balans qərarlara da təsir edir. Yalnız bu komponentlərdən birini seçsək, bu, uğurlu fəaliyyətə gətirib çıxarmayacaq. Bərpa olunan enerji mənbələrindən istifadə önəmlidir. Enerji istehsalında bu mənbələrin rolu 36%-ə çatıb, lakin bu, kifayət deyil, davamlılığı artırmaq lazımdır. Enerji səmərəliliyi istiqamətində səylərimizi gücləndirməliyik. Azərbaycan çalışır ki, bütün aspektlər uyğunlaşsın".
Eləcə də oxuyun: