AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şahmar Mövsümov: qapanmalarla bağlı yayılan şayiələr əsassızdır

Prezidentin köməkçisi: Ölkədə hər hansı vaksin üzrə çatışmazlıq yoxdur.
Sputnik
BAKI, 4 noyabr - Sputnik. “Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov qeyd edib ki, bununla bağlı yayılan şayiələr əsassızdır.
Prezidentin köməkçisi həmçinin bildirib ki, Azərbaycanda “Sinovac”, “Pfizer”, “AstraZeneca” və “Sputnik V” vaksinləri istifadə olunur.

"Ölkədə hər hansı vaksin üzrə çatışmazlıq yoxdur”, - deyə Şahmar Mövsümov vurğulayıb.

Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda əsasən “Sinovac” peyvəndindən istifadə olunur:

“Ölkəyə ümumilikdə 12 milyon doza “Sinovac” gətirilib. Hazırda bu vaksinlər istifadə olunur. Ehtiyatda da kifayət qədər vaksin var. Bu gün əhali arasında buster doza da populyardır. Azərbaycanda, həm də dünyada buster dozanın vurulması 6 aydan sonra tövsiyə olunur. Vətəndaşlara 6 aydan sonra 3-cü doza vurulmasını tövsiyə edirik”.

Ş. Mönsümov koronavirusun yayılması ilə əlaqədar məktəblərdə tətil elan olunub-olunmayacağına da münasibət bildirib:

"Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir. Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.

Həmçinin oxuyun:
Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham Əliyev
Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər