BAKI, 4 noyabr — Sputnik. "Biz hələ pandemiyanın ortasındayıq". Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
"COVID-19-dan sonrakı dünya" mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya iqtisadiyyatı" mövzusunda paneldə çıxış edən Ş.Mövsümov deyib ki, pandemiya dövründə 52 milyon tələbə qapanmalardan əziyyət çəkib:
"Hökumətlər pandemiya dövründə aşağı gəlirli kateqoriyaya böyük vəsait emissiya etdi. Azərbaycanın ümumdaxili məhsulu keçən il 4,2 faiz, turistlərin sayı 4 milyon nəfər azalıb. Azərbaycan hökuməti keçən il pandemiya ilə bağlı özəl sektora 2 milyard manat ayırıb. Azərbaycanda bu il iqtisadiyyatda 4,5 faiz, növbəti il 4,7 faiz artım gözlənilir. Bunlar çox yaxşı rəqəmlərdir".
Prezidentin köməkçisi qeyd edib ki, dünya ölkələrində əhalinin 40 faizinin peyvəndlənməsi mümkün olmayıb:
"Gələn ilin ortalarında bu, mümkün ola bilər. Bu, vaksinin ədalətsiz bölüşdürülməsi ilə bağlıdır. Biz səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik".
VIII Qlobal Bakı Forumu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Həmçinin oxuyun: