SƏHİYYƏ

Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı

Test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün qan analizi götürülür.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinin yaradıcıları vaksinasiya faktını təsdiqləyən test işləyib-hazırladıqlarını bildiriblər. Sputnik Azərbaycan "Euronews"a istinadla xəbər verir ki, yeni texnologiya vaksinasiya haqqında saxta sertifikat alanları müyyənləşdirməyə imkan verəcək. Bu barədə Rusiyanın Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib. Onun sözlərinə görə, test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün qan analizi götürülür.
"Sputnik V"nin ilk komponenti 26-cı adenovirusa əsaslanır ki, ona da insanlarda olduqca nadir hallarda rast gəlinir. Odur ki, qanın tərkibində bu adenovirusa qarşı antitellərin olması insanların peyvənd olunduğunu göstərir", – deyə Ginzburq vurğulayıb.
Mərkəzin direktorunun sözlərinə görə, mütəxəssislər təxminən bir aya yaxındır ki, reanimasiyada olan xəstələr üzərində bu üsulla test keçirirlər. Mərkəzdən verilən məlumata görə, yoxlamalar peyvənd sertifikatı sahiblərinin təxminən 80 faizinin vaksinasiya olunma faktını təsdiqləyib. Qalan 20 faizin sənədləri isə böyük ehtimalla, saxta olub.
Qeyd edək ki, bir qədər əvvəl "Group-IB" şirkəti saxta sertifikatların satışı ilə bağlı təkliflərin kəskin şəkildə artdığını müəyyənləşdirib. Ekspertlər payız fəsli başlayandan bəri yay ayları ilə müqayisədə belə sertifikatlarla bağlı reklamların 20 dəfədən çox artdığını qeydə alıblar. Daxili İşlər Nazirliyi bu cür saxta tibbi sənədlərin yayılması ilə bağlı yüzlərlə cinayət işi qaldırıldığını bildirib.