BAKI, 3 noyabr - Sputnik. Dünya karatesinin qara brilyantı, Azərbaycan millisinin lideri Rafael Ağayev noyabrın 15-də Dubayda (BƏƏ) start götürən dünya çempionatında iştirak edəcək.
Sputnik Azərbaycan bildirir ki, Beynəlxalq Karate Federasiyası karate üzrə dünya çempionatının iştirakçılarının təsdiq olunmuş siyahısını açıqlayıb. Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin də adı həmin siyahıdadır.
Oktyabrın birinci yarısında məlumat yayılmışdı ki, Ağayev məşq zamanı ayağını sındırıb, həmçinin onun ayağının gipsə salındığı halda şəkli də paylaşılmışdı. Ancaq belə bəlli olur ki, çempionun ayağı sınmayıb, zədəsi də çox ciddi olmadığından idmançı dünya çempionatında iştirak siyahısına salınıb.
Yeri gəlmişkən, Dubayda çıxış edəcək karateçilər arasında Tokio Olimpiadasının finalında Rafaeli məyus edən italiyalı rəqibi Luici Busa da var. Rafael finaldan sonra demişdi ki, idmançıya yaraşmayan hərəkətinə görə Luicinin əlini sıxmayacaq.
Ümumilikdə Azərbaycanı Dubaydakı dünya çempionatında 14 karateçi təmsil edəcək. Onlar arasında Tokio Olimpiadasının daha bir vitse-çempionu da var. Bu yaxınlarda Çexiyada beynəlxalq turnirdə iki qızıl qazanmış İrina Zaretska (68 kq) da Ağayev kimi Dubayda Olimpiadanın finalında məğlub olduğu misirli Fəryal Əbdüləzizlə qarşılaşa bilər.