İQTİSADİYYAT

Qiymət artımı bəs deyil: siqaret çəkənlər bahalıq, birlik qaçaqmal dərdində

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır. Ekspertlər məsələyə münasibət bildiriblər. "Belə hallar olanda adətən bazara ucuz və qaçaqmal siqaretlər daxil olur".
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manata qaldırılması təklif edilir.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, siqaretlərin qiyməti kəskin qalxmasa da, lakin bahalaşma olacaq: "Siqaretlərin qiymətində təxminən 10-15 faiz artımın olması gözlənilir. Bu, qaçaqmalçılıq hallarını artıra bilər. Ölkədə tütün üzrə yerli istehsalı genişləndirməliyik. Biz xam tütünü az istehsal edirik, əsasən xaricdən gətirilir. Bu da qiymətlərə təsir edir".
"Dünyanın əksər yerində siqaretlərin qiyməti bahadır, bizdə isə ucuzdur. Siqaretin qiyməti Türkiyədə bizdən bahadır, Gürcüstanda isə bizdən ucuzdur. Çünki Gürcüstanda tütün məmulatları üzrə aksiz dərəcələri aşağıdır. İnsanlar siqaret çəkməsələr, daha yaxşı olar, qənaət etmiş olarlar", - deyə iqtisadçı qeyd edib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyib ki, AİB tütün məmulatlarının qiymətinin, aksiz dərəcələrinin daim artmasının tərəfdarıdır ki, bunlara əlçatanlıq azalsın: "Bu proses də ölkədə gedir. Biz bunu dəstəkləyirik. Lakin belə hallar olanda adətən bazara ucuz və qaçaqmal siqaretlər daxil olur və hazırda bazarda bu cür siqaretlər böyük paya malikdir. 2017-ci ildə beynəlxalq təşkilatların apardığı araşdırmaya görə, Azərbaycanda olan qaçaqmal siqaretlərdən dövlət büdcəsi 20 milyon manat zərər çəkib. Ona görə də belə qərarlar qəbul olanda gərək qaçaqmal halların qarşısı alınsın. Qaçaqmal hallarının artmaması üçün üsullar mövcuddur".
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
"Ölkəmizdə siqaretlərə əlçatanlığı azaltmaq tendensiyası davam etsə də, Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, marketlərə girəndə adamı ilk olaraq siqaret reklamları qarşılayır. Hər yerdə siqaretlərin tək-tək satışı baş verir. Məktəb, sağlamlıq mərkəzi yaxınlığında siqaretlər satılır hansı ki, qanun bunları qadağan edir. Kompleks tədbirlər görmək lazımdır ki, insanlar siqaretdən uzaq olsunlar", - deyə o qeyd edib.
E.Hüseynovun sözlərinə görə, artıq 4 ildir ki, Şəkidə bir fabrik açılıb, filtrsiz və təhlükəli siqaretlər istehsal edir və bunlar Bakıda da satılır: "Biz dəfələrlə onun ekspertizasını keçirmişik, təhlükəli siqaret olduğunu bildirmişik. İstehlakçıların sağlamlığının qorunması üçün təkcə aksizlərin qaldırılması hələlik effektiv deyil, bunun üçün digər rıçaqlar da var".
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, vaxtilə siqaret bazarında kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksək olub: “Bu gün son göstərici təxminən 2-3%-dir. Bütün ölkələrdə bu göstərici var. Amma əvvəlki dövrdə aksizin birdən-birə artırılması düzgün addım olmazdı. Bu sahə ilə məşğul olan sahibkarlar anlayırlar ki, proses davamlı olacaq. Bu gün bir qutu siqaretin orta qiyməti 2,40 manat təşkil edir. Aksizlərə tətbiq edilən artım qiyməti siqaretlərin də orta qiymətinə təsir edəcək. Bundan sonra siqaretin bir qutusunun orta qiyməti 2,60 manat təşkil edəcək. Bu sahədən əldə olunan gəlirlər dövlət səhiyyə sahəsinə ayrılır. Məsələ bu şəkildə tənzimlənir”.

Azərbaycanda papiros və siqaret istehsalı kəskin artıb

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 395,5 milyon ədəd papiros və siqaretlər istehsal edilib ki, bu da illik müqayisədə 80,3% artıb. Eyni dövrdə Azərbaycanda 853,8 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.
CƏMİYYƏT
Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1972,3 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.9% azdır. Hesabat dövründə ölkədə 1433,8 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.

Siqaret idxalı azalıb

2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün ixracı 34,1 faiz azalıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında siqaret idxalı 17,5 faiz azalıb. 2021-ci il oktyabrın 1-nə kimi sahələrdən 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.
Eləcə də oxuyun:
* Geridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladı
* Siqaret, COVID-19 peyvəndindən sonra antitel səviyyəsini aşağı salır
* Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar