"Yerli bələdiyyələrdə ümumiyyətlə materiallardan alınan vergilərdə çox böyük problemlər var. Məbləği gizlədirlər. Burada maraqlı qüvvələr də çoxdur. Rayon İcra Hakimiyyəti və digər yerlər bu vergilərdə olan qanunsuzluqlarda maraqlıdır. Ona görə də yerli bələdiyyələrlə bağlı vergilərin bir hissəsinin dövlət büdcəsinə ödənilməsinin tərəfdarıyam. Çünki vergidən yayınma halları bu sahədə olduqca çoxdur. İnsanları narahat edən bir məsələ də ƏDV-nin qaytarılmasının ləğv olunması ilə bağlıdır. Ticarət festivallarından ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi məsələsini insanlar səhv başa düşür. Bu, ümumilikdə ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi demək deyil".
"Niyə biz bütün məhsullara 18% ƏDV tətbiq etməliyik? Yəni, avtomobilə də, geyimə də, yeməyə də eyni ƏDV-ni tətbiq etmək indiki halda uğurlu deyil. Biz bununla bağlı təkliflər vermişik. Xahiş edirik ki, bu təkliflərə baxılsın. Təklif edilən digər dəyişiklik kölgə iqtisadiyyatı ilə bağlıdır. Nağdsız hesablaşmalar bizim ağrılı yerlərimizdən biridir. Kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində işləri davam etdirməliyik".
"Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu, aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək. Sosial sahədə olan güzəştləri alqışlayırıq. Digər tərəfdən, ölkə xaricində və daxilində müalicə xərcləri ilə bağlı təklif edilən rəqəmləri daha da artırmağı təklif edirəm. Çünki bu xəstəliklərin əməliyyatlarının qiyməti olduqca bahalıdır. Məsələn, xaricdə ciyər köçürülməsi ilə bağlı əməliyyata ən yaxşı halda 50 min manat vəsait tələb olunur. Ona görə də təklif edilən 40 min manatlıq həddi bir az da artırmaq daha da məqsədəuyğun olardı. 20 il ərzində "n" sayda dəyişikliklər edilmiş Vergi Məcəlləsi 2030-cu ilə qədər müəyyən edilmiş milli prioritetlərin əksini tapdığı Vergi Məcəlləsi ola bilməz".