TƏHSİL

Türk Şurası təhsil nazirləri İstanbulda toplaşırlar

Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin təhsil nazirlərinin iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.
Noyabrın 4-də keçiriləcək iclasa Türk Şurasının Baş katibi Bağdad Amreyev sədrlik edəcək.
İclasda Türk Şurası Türk Universitetlər Birliyi (TÜRKÜNİB) çərçivəsində fəaliyyət, orta/ali məktəblər arasında Üçüncü Tələbə Mübadilə Proqramları, Türk Şurasına üzv dövlətlərin təhsil mütəxəssisləri üçün təhsil mübadilə proqramı (potensialın artırılması üzrə təlim), üzv dövlətlərin orta/ali məktəbləri arasında qardaş məktəb əlaqələri və Türk Akademiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
İclasın sonunda Türk Şurasının Türk Universitetləri Birliyinin Orxun Mübadilə Proqramı və “Türk Universitetləri Birliyinin və Ali Təhsil Məkanının yaradılması haqqında Direktiv”in 10-cu maddəsinə dəyişikliklə bağlı Əsasnamənin imzalanma mərasimi olacaq.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlanıb.
Elə həmin gün Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər arasında görüş keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Bilkənt Universitetinin rektoru Abdullah Atalar ilə görüşləri nəzərdə tutulub.
Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.