BAKI, 1 noyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir.
Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 1500 manatdan 2000 manata,
- eyni seriya - 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1000 manatdan 1500 manata,
- eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 500 manatdan 1000 manata,
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.
Hazırda isə bu rəqəm 22 manatdır.
Qeyd edək ki, layihə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Həmçinin oxuyun: