BAKI, 1 noyabr - Sputnik. İsveçin Yöteborq şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin dəstəyi, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yönköpinq regionunun millət vəkili İradə Əliyeva-Söderberq və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin rəhbəri Ülviyyə Nəcəf Ordumuzun 44 günlük Zəfər yolu haqqında danışıblar.
Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub.
Vətən müharibəsi dönəmində və ötən bir il ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də İsveçdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirərək tarixi gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardıqları xüsusi olaraq vurğulanıb.
Tədbir ədəbi-bədii proqramla davam edib.
Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da tədbirdə iştirak edib.