SƏHİYYƏ

ÜST Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonuna maska göndərdi

Sputnik
BAKI, 30 oktyabr — Sputnik. COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna, hər birinə 10 min olmaqla 50 min tibbi maska isə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi) yerləşən xəstəxanalara təhvil verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.
Qeyd edək ki, bu tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Sözügedən tədbirlərdə ÜST-ün Ölkə Ofisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak edib və müvafiq qurumlar təhvil-təslim aktını imzalayıblar.
Məlumat üçün bildirək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanıb.