SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşamaqda günahlandırdı

Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada "The National Interest" dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur. Eləcə də qanunların pis işləməsini, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə Prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır:
"Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi "HƏMAS"ın idarə etdiyi Qəzzə bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur. Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq. Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək "soyuq müharibə" dövrünün qalığıdır".
"Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız BP-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu "neft əvəzinə silah" adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının "sıxışdırılması"na Amerikanın "dözməsini" İrana qarşı planlarla əlaqələndirmək "The National Interest" və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir.
Axı, "Freedom House" "Azadlıq Evi" deməkdir. Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin, mövcud olmayan evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində "dünyanın ən böyük hadisəsi" adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir", - deyə o bildirib.
"İşğala son qoyan yeganə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşadır. Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?" - deyə o əlavə edib.