AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ağdamda qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı – Araşdırma aparılır

Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində "Körpü-Bina Tikinti" MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.
Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.
Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.