BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Zəfər" altsistemi yaradılıb.
Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.
Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etməli, Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etməlidir.
Quruma həmçinin altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görmək, "Əlillik" (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etmək həvalə olunub.
Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar "Zəfər" altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək.
Fərmana əsasən, "Zəfər" altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edəcəklər.
Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) strukturuna daxil olan reyestrlərin sayı artırılıb.
Yeni yaradılan reyestrlər aşağıdakılardır:
- "Məşğul şəxslərin" reyestri;
- "Əlilliyi olan şəxslərin" reyestri;
- "Şəhid və şəhid ailəsi statusu almış şəxslərin" reyestri;
- "Müharibə veteranları" reyestri.