“Azərenerji” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ərazi qurumun Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zonasıdır: "Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən yüksək gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir. Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb".
"Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb. Lakin bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıblar. Qanunsuz hərəkətlərin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə edilən xahişlərinə məhəl qoyulmayıb, işlər davam etdirilib".
"Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirən bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz. Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyəti, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və yüksək gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir. Bir daha fəxrimiz olan əziz dəyərli qazilərimizi təmkinli olmağa çağırırıq və imkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk".