"Birincisi, manatın məzənnəsi üzən məzənnə rejimində deyil. Milli valyutanın məzənnəsini Mərkəzi Bank hökumətlə birgə təyin və təmin edir. Ona görə də manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olan məsələdir. İkincisi, hazırda Azərbaycanın əsas ixrac resursu olan neftin və qazın qiymətləri pik həddədir və neftin bir barelinin qiymətinin bu il üçün nəzərdə tutulan 40 dollar həcmindən çox yuxarıdadır. Ona görə də tədiyyə balansında ciddi risk ehtimalı yoxdur".
"Bu da ona əsas vermir ki, manat ucuzlaşdırılsın. Həm də nəzərə alaq ki, onsuz da manatın alıcılıq qabiliyyəti bir qədər düşüb. Xüsusən də dünyada olan inflyasiya ölkəmizə də ciddi şəkildə təsir etməkdədir", - deyə o qeyd edib.
"Dolların vəziyyəti ABŞ Mərkəzi Bankının siyasətindən və bazara verdiyi məlumatlardan asılı olacaq. ABŞ Mərkəzi Bankı bir il yarımdır ki, ucuz pul siyasəti həyata keçirir və bazara çoxlu dollar buraxır. İnflyasiyanın da sürətlənməsinin səbəblərindən biri budur ki, pul kütləsi çoxdur, mal azdır və qiymətlər qalxır. Dolların növbəti ildə dönərli valyutalara görə dəyər qazana biləcəyini proqnozlaşdırmaq olar. Çünki inflyasiyanın sürətlə artması ABŞ Mərkəzi Bankının dolları tədricən bahalaşdıracağına dair hərəkətə keçəcəyi ilə bağlı gözləntilər formalaşdırıb. Yəni gələn ildən dollar digər valyutalara görə bahalaşa bilər. Ancaq manat dollara fiksə edildiyinə görə dollar ucuzlaşanda manat da dünya valyutalarına görə ucuzlaşır, dollar bahalaşanda isə manat da digər valyutalara qarşı bahalaşır".
"Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür", - deyə hesabatda bildirilir.