BAKI, 25 oktyabr — Sputnik. Bir il əvvəl bu günlərdə şanlı Azərbaycan Ordusu tarix yazmaqda davam edirdi. Oktyabrın 25-də Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri işğaldan azad edildi.
Bu barədə məlumatı Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Twitter hesabından, sabahı gün isə xalqa müraciətində bildirib.
Oktyabrın 26-da isə Azərbaycan Müdafiə Nazirliyi azad edilmiş Qubadlı şəhərindən videogörüntülər paylaşıb.
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb.
Eləcə də oxuyun:
* Müharibədən kadrlar: Ötən ilin bu həftəsi
* Vətən müharibəsinin xronikası: Dağıdılan ordunun əvəzini düşmən "Smerç"lə çıxmağa çalışdı