"Mövsümə uyğun olaraq geyimlərimiz vaxtı-vaxtında verilir. Payız-qış geyimlərimiz yaxşıdır, isti saxlayır, nə su buraxır, nə də soyuq. İşim heç də çətin deyil, maaşımı vaxtında alıram. Maaşım 320 manatdır, eşitdiyimizə görə, qalxacaq. Təbii ki, belə olsa, daha yaxşı olar, daha çox sevinərəm. Çünki hər gün uzaqdan, Binəqədidən işə gəlirəm. Gediş-gəliş, digər xərclər var".
"Belə bir iş tapmasaydım, pensiyaya çıxanda yəqin ki, 120-130 manat alacaqdım".
"Çünki təbiətin qoynunda olmaq istər-istəməz insanı rahatlaşdırır. Yaşıllıq, təmiz hava bu yaşda bir başqa zövq verir. Öz əllərimlə ətrafı gözəlləşdirib yoldan keçənlərin xoş sözlərini eşidəndə daha çox sevinirəm. Sulama işlərini fəsilə uyğun edirəm. Məsələn, yayda gündə bir neçə dəfə suvarma həyata keçriirlərsə, payız və qışda bu müddət daha da uzanır, bəzən 3 gündən bir də olur".
"Axı biz işləyirik, çalışırıq ki, ətrafda təmizlik olsun. Bura gəlib istirahət edənlər də təbiətdən, yaşıllıqdan bir zövq ala bilsin. Bu zibili atmasalar, olmaz? Baxın, burada olan bəzi avadanlıqları, "smestitel"ləri sındırırlar, oğurlayıb aparırlar. Olmaz. Demək olar ki, hər gün belə hadisələr baş verir. Biz burada peyin səpirik, dərman vururuq, abadlaşdırırıq ki, səhər gələndə bu mənzərəni görək? Bunun mahiyyəti nədir ki? Satılır, gedib hardan istəsələr ala bilərlər".
"Siqareti, plastik tullantıları, hətta uşaq bezini də bura - yaşıllığa atanlar var. Olmaz ki, bunu iki addım o tərəfdə olan zibilliyə atsın? Yəni, belə adamlar zibili qabına atmağı özünə sığışdırmır? Belə adamları başa düşməkdə çətinlik çəkirəm".
"Nəvələrim var, kommunal xərclər, evin dolanışığı, borc-xərclər var. Təbii ki, ehtiyacdan işləyirəm. Bizim əsas problemimiz su, qazın qiymətinin yüksək olmasıdır. Hazırda qaza görə limit məbləğini ödəyirəm. Suya görə kifayət qədər borcum yığılıb. Borcum 100 manatdan çoxdur. Bir müddət işsiz qalmışam, indi də işlədiyimi elə demək olar ki, borc-xərcə verirəm. İşləsən də olmur, işləməsən də olmur... Kommunal xərci ödəmək üçün kimdənsə borc pul götürməsəm, qışın oğlan çağında qazsız, susuz qalacağam. Evdə nəvələr də var. Elə adamlar var ki, heç işləyə də bilmir, 400-500 manatadək kommunal borcları yığılıb. Mən də Azərbaycan vətəndaşıyam, burada mənim də payım var, bizim kimilər nəzərə alınmalıdır. Dəfələrlə suyum kəsilib, gedib borc alıb qaytarmışam. Varlı da kommunal xərclər üçün eyni pulu ödəyir, biz də".
"Pensiya pulu, yaxud 250 manatla nə etmək olar? Baxın, burda təndir çörəyi 70 qəpikdir, belə olmaz axı? Buna nəzarət edilməlidir. Kartof, soğan, ətin və digər məhsulların qiymətinə nəzarət olmalıdır ki, hamı ala bilsin. Yenə də qazancıma şükür edirəm, bu yaşımda gedib oğurluq, ya dilənçilik edəsi deyildim".