DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, dezinformasiyaya qarşı birgə mübarizə və sair məsələlər müzakirə edilib.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.
Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.