CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Tikdirdim atam üçün, bəzətdirdim anam üçün” - Beyləqandakı Seyid Ağa türbəsi

Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Beyləqan rayonu qədim tarixi ilə yanaşı, həm də özlərini peyğəmbər nəslindən hesab edən şəxslərin ziyarətgahları, səhabələrin türbə və müqəddəs ocaqları ilə seçilir. Belə türbələrdən biri də rayonun Bünyadlı kəndində yerləşən Kərbəlayı Seyid Ağanın ocağıdır. Beyləqan və ətraf rayonlarda Seyid Ağa haqqında bilməyən demək olar ki, yoxdur. Uşaqdan böyüyə hamı onun möcüzələrindən danışır, ocağına böyük ümid bəsləyərək ona pənah aparırlar.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Kərbəlayı Seyid Ağanın yaşadığı ünvana gedərək onunla bağlı maraqlı məlumatlar əldə edib.
Bu ocağın sahibinin gəlini Dürdanə xanım Seyid Ağanın həyatı, ailəsi və möcüzələri haqqında məlumatları bölüşüb:

“Haşimilər tayfasından olan Kərbəlayı Seyid Ağanın həyatı çox keşməkeşli və möcüzələrlə dolu olub. Əslən iranlı olan Ağa Gülü adlı əmisi qızı ilə ailə həyatı qurub. Onların Aminə adlı bir qızları dünyaya gəlib. Cavan yaşında həyat yoldaşını itirən Seyid Ağa qızını da götürüb Azərbaycana gəlib. Daha sonra əfşar tayfasından olan İnci adlı qızla ailə həyatı qurub və ondan da 3 övladı dünyaya gəlib”.

Beyləqanda Seyyid Ağa türbəsi
Dürdanə xanım sözügedən ailənin ilahi qüvvəyə malik olmasından və bunu sübut edən möcüzələrdən də söhbət açıb:

Ən yadda qalanları çalışacağam sizə danışım. Bunlardan biri də Ağanın dağda başına gələn hadisədir. Deməli, Ağa bir gün dağa gedir və bir çoban onun yanına gəlir. Çoban ona xitabən deyir: “Ağa, bəs, deyirlər sənin möcüzələrin çoxdur. Mənim də uzun illərdir övladım olmur. Elə bir şey elə ki, mənim də övladım olsun, biz də həqiqətən səndə ilahi qüvvənin olub-olmadığını öz gözlərimizlə görək”. Ağa ona buyurur ki, tövlədəki qoyun qığından (qığ - qoyun nəcisi) bir qədər gətirsin. Qığın içini açan Ağa çobana deyir ki, sənin iki oğlun olacaq. Amma birinin boynu əyri olacaq. Həqiqətən də, 1 il ərzində çobanın əkiz oğlu dünyaya gəlir ki, onlardan da birinin boynu əyri olur. Bütün çamaat yığışıb Ağanın yanına gəlir və ona təşəkkür edirlər. Daha sonra çoban uşağın boynunun əyri olmasının səbəbini soruşur. O isə övladı verənin Allah olduğunu və uşağın belə doğulmasındakı sirrin ancaq Yaradana məxsus olduğunu vurğulayır".

Beyləqanda Seyyid Ağa türbəsi
Həmsöhbətimiz qolçomaqlıqla mübarizə dövründə çoxlarının mal-qoyununun əllərindən alındığını, buna görə də, hamının heyvanlarını Ağanın həyətinə gətirdiyini deyir:

"Bilirdilər ki, Ağanın malına toxunan xeyir tapmaz. Günlərin bir günü heyvanları yoxlamağa gələndə görüblər ki, Ağanın həyətində 400 baş heyvan var və onu həbs ediblər. Ağanın saxlandığı kameranın qapısını bağlayıblar. Səhər gələndə görüblər ki, kameranın qapısı açıqdır. Bu, bir neçə gün belə davam edib. Daha sonra nəzarətçi həbsxana rəisinə vəziyyəti danışıb. Hadisə ona da maraqlı gəlib və Ağanın yanına gəlib bunun necə baş verdiyini soruşub. Ağa isə cavabında Allahın məsləhəti belə olduğunu və qapı açıq qalsa da heç yerə qaçmayacağını bildirib. Rəis ondan nə istədiyini soruşanda, o, yalız namaz qılması üçün şərait yaradılmasını istəyib. Bu hadisəni bizə onunla eyni kamerada qalan salyanlı bir nəfər danışıb“.

Dürdanə xanım deyir ki, Kərbəlayı Seyid Ağanın möcüzələri daha çox Qarabağ, Kəlbəcər, Laçın əhalisinə tanışdır.

"Onlardan kimi dindirsək, Ağa haqqında danışa biləcək. Ağamın ən böyük və maraqlı möcüzələrindən biri də 1958-59-cu illərdə Sovet hakimiyyəti tərəfindən qolçomaq kimi həbs olunan zaman başına gələndir. Deməli, onu Xalac stansiyasından qatarla Bakıya gətirmək əmr olunub. Ağa vaqona oturandan sonra nə etsələr də, qatar yerindən tərpənməyib. Ağanı yola salmağa böyük kütlə toplaşıbmış. Qatar nəzarətçisi ilə maşinist qatarın niyə yerindən tərpənmədiyini müzakirə edəndə, kənd camaatı onlara vaqonda ağır seyidin əyləşdiyini və buna görə də qatarın tərpənmədiyini bildiriblər. Onlar Ağanın getməyə könlü olmadığını və onun nə zaman icazəsi olarsa, qatarın onda gedəcəyini bildiriblər. Maşinistlə nəzarətçi Ağanı vaqondan düşürüblər. Lakin bildiriblər ki, bu, onlara tapşırılmış işdir, əgər yerinə yetirməsələr, cəza alacaqlar. Ağa isə qatarın önünə keçərək əsasını astaca ona toxundurub və deyib: "Bu, mənim taleyimdir və mən bu yolu getməliyəm, işlə dəmir parçası”. Sonra o, vaqona minib və qatar yola düşüb”.

Möcüzələri ilə hər kəsi heyrətləndirən Seyid Ağanın indi bir övladı yaşayır. Ağa isə 1961-ci ildə öz əcəli ilə dünyasını dəyişib. O, kənd qəbristanlığında dəfn edilib. Üç il sonra, yəni 1964-cü ildə onun qəbri üzərində böyük və hər tərəfdən bağlı olan günbəz inşa olunub. Günbəzi onun balaca oğlu Qəribağa Mirhəşimov tikdirib. Tikilinin üzərində bu sözlər yazılıb: “Tikdirdim atam üçün, bəzətdirdim anam üçün”.
Günbəzin inşasında kənd camaatının da böyük zəhməti olub. Onu 4-5 usta inşa edib. Ailə üzvlərinin sözlərinə görə, müqəddəs sayılan günbəzə 15-16 il öncə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, tarixçi alimlər tərəfindən baxış keçirilib, onun tarixi öyrənilib və tikili Beyləqan rayonunun tarixi abidələri sırasına əlavə olunub. Həmin abidə mərhumun ailəsi və kənd camaatı tərəfindən qorunub saxlanılır.
Ağanın qəbrini ziyarət etmək istəyən şəxslər Beyləqan rayonunun Binnətli kəndində onun yaşadığı evə və kənd qəbristanlığındakı günbəzli məzarının üstünə gedirlər.