“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır. Qarabağda 10 min kv.km-dən çox Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıblar. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.
“Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.
“Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - deyə o vurğulayıb.
“Bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha da təsisatlanaraq, daha güclü mövqeyə sahib olacaq. Bu gün Türk Şurası dedikdə, qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlığı görürük. Bu, ilk olaraq siyasi əməkdaşlıqdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”.