HƏRBİ

Hərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayır

Hərbçilərimizin ustalığı sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin bütün strukturlarına, o cümlədən Dövlət Sərhədi Xidmətinə (DSX) xüsusi tapşırıqlar vermişdi. Ali Baş Komandanın verdiyi bütün tapşırıqlar uğurla yerinə yetirilib".
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.
O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb.
"Müharibə zamanı AN-2 təyyarələrinin tətbiqi nəticəsində düşmənin zenit-raket sistemləri aşkar edilib. Bunun nəticəsində isə düşmənin müvafiq qurğuları, o cümlədən S-300 zenit-raket kompleksləri və digər texnikalarının ilk gündən aşkar edilərək məhv edilməsinə nail olmuşuq. Bu vasitələrin müharibənin ilk gündən məhv edilməsi bütün qoşunun irəli getməsinə şərait yaradıb. Hesab edirəm ki, DSX-nin hərbi qulluqçuları Vətən müharibəsi zamanı üzərilərinə düşən vəzifələri ləyaqətlə və şərəflə yerinə yetiriblər".
Xatırladaq ki, Böyük Britaniyanın "Middle East Eye" saytı da Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama yaymışdı. Mətbu orqanın məlumatına görə, Azərbaycan Qarabağ Müharibəsində təkmotorlu AN-2 təyyarəsindən "S-300" zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edib. Belə ki, AN-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırılıb. Təyyarələr S-300 kompleksini aktivləşdirərək AN-2 vurulduqdan sonra onu vuran sistemin koordinatlarını Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürüb. Bunun sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib.
Eləcə də oxuyun:
* İlham Əliyev S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə baş çəkib
* İsrail hekayəti: başımızın üzərindəki "Dəmir gümbəz"
* DSX rəisi: "Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər"
* "Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər" – Hərbi ekspert