TƏHSİL

Bakıda daha bir məktəb bağlandı

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Bakıdakı 124 nömrəli tam orta məktəb distant tədrisə keçib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Xəbərdə qeyd edilir ki, paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Belə ki, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin bu gün yaydığı xəbərə görə, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.
Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.
I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.