BAKI, 22 oktyabr — Sputnik. Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, ANAMA-dan bildirilib ki, "Bak" və "Elma" adlı itlər Azərbaycanda minatəmizləmə əməliyyatlarında istifadə olunacaq.
Qeyd edək ki, bu il avqustun 26-da Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək. Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.
Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 15-dək 18302 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Həmin ərazilərdə 22 230 partlamamış hərbi sursat, 17 426 piyada əleyhinə mina, 8 755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri fasiləsiz davam edir. 10 noyabr bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizlənib, 48 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək məhv edilib.
Onu da xatırladaq ki, Ermənistanın işğal dövründə döşədiyi minaların partlaması nəticəsində 7 əsgər, 26 mülki şəxs olmaqla 33 nəfər Azərbaycan vətəndaşı şəhid olub, 139 vətəndaşımız isə ağır yaralanıb.
Eləcə də oxuyun:
* Azərbaycan Xorvatiyadan minatəmizləmə avadanlıqları alıb
* ANAMA: Ötən həftə 141,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
* Azad olunmuş ərazilərdəki minalar təbiətin bərpasına mane olur - Nazir müavini
* Fransız hərbçiləri Bakıya gətirən səbəb