BAKI, 21 oktyabr - Sputnik. "İsrailin Azərbaycanla olan münasibətlərinə görə İran Azərbaycanı hədəf almaq kimi bir duruma girməz".
Sputnik Türkiyə bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan dönərkən jurnalistlərə açıqlamasında bildirib.
"Çünki bu gün İrandakı azərbaycanlıların sayı bəllidir. Görülən iş səhvdir. İranın yeni rəhbərliyi, belə hesab edirəm ki, bu yanlışı davam etdirməz", - İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi barədə sualı cavablayarkən Türkiyənin dövlət başçısı qeyd edib.
Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarlı olduqlarını da vurğulayıb.
Qeyd edək ki, İran Azərbaycanla sərhəddə sentyabrın son həftəsində hərbi təlimlərə başlayıb. Cənub qonşumuzun "Xeybərin Fatehləri" adlandırdığı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərlə yanaşı, zirehli texnikalar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları iştirak edib.
Eləcə də oxuyun:
* İranın Azərbaycan narahatlığı: təhdid dili nə ilə nəticələnə bilər?