BAKI, 21 oktyabr — Sputnik. "Göbələk mövsümü yeni başladığı üçün zəhərlənmələrlə bağlı müraciət azdır. Bu ay göbələklə zəhərlənmə halı ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib".
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, həmin xəstələr müayinə olunduqdan sonra evə buraxılıblar.
A. Maqsudov bildirib ki, bu il göbələkdən zəhərlənmə ilə bağlı iki ölüm halı qeydə alınıb: "İndiyədək göbələkdən zəhərlənmə ilə ölüm halı Qaxdan olan iki uşaq idi. Ondan qabaq ölüm halı olmayıb. Uşaqlar da göbələyi 3 gün əvvəl yemişdilər, bizə gec çatdırıldılar. Tez çatdırılsaydılar, haradasa şans olardı".
Həkim göbələk istifadə edən əhaliyə müraciət edib.
"Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan - göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin".
Şöbə müdiri bildirib ki, göbələklə zəhərlənmə zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur: "Belə hal hiss edən kimi həkim infeksionistə müraciət etmək lazımdır. Bu, yoluxucu xəstəlik hesab olunur. Mütləq həkim müşahidəsi lazımdır, həkim nəzarəti ilə təyinat olur, evdə müdaxilə etmək olmaz. Mövsüm yeni başlayıb, ötən illə müqayisədə göbələklə zəhərlənmə halında artım yoxdur. Ötən il 20-yə qədər müraciət olmuşdu. Demək olar hər il təxminən 15-20 müraciət olur".
Eləcə də oxuyun:
* DİN Qaxda göbələk faciəsi barədə: Bir ailənin iki uşağı niyə ölüb?
* Səhra qızılı: İraqda trüfel ovu - FOTOLAR
* Abşeronda kütləvi zəhərlənmə: AQTA araşdırmalara başlayıb