BAKI, 20 oktyabr — Sputnik. "Sistemin yükü çox idi. Uzun müddət energetika sistemində bəzi yenilənmə, təmir işlərini aparmadığımız, alınan yeni avadanlıqlar quraşdırılmadığı üçün avtomatika-mühafizə sistemində müəyyən çatışmazlıqlar olduğundan Azərbaycan bir müddət qaranlıqda qaldı, bütün energetika sistemi çökdü".
Sputnik Azərbaycan-ın həmsöhbəti, uzun müddət nazirliyin energetika şöbəsinin müdiri işləyən, qurumun nəzdindəki "Alternativ enerji" Məhdud Məsuliyyətli Cəmiyyətdə məsləhətçi energetik Tahir Cəfərov karyerası ərzində qarşılaşdığı ən iri fövqəladə hallardan birini - 2018-ci il iyulun 3-də bütün respublikanın qaranlığa qərq olduğu hadisənin nəqlini bu sözlərlə başlayır.
Hamının məsuliyyətsizliyi
"Həmin gün yaxşı xatirimdədir. Prezidentin göstərişi ilə komissiya yaradılmışdı, həmin komissiyanın üzvü idim. Qonşu ölkələrdən elektrik enerjisi almaq məcburiyyətində qaldıq. Biz Mingəçevir Su Elektrik Stansiyasında iş aparıb oradan da elektrik ala bilərdik, bu, qəzanın daha qısa zamanda aradan qaldırılmasına kömək edə bilərdi. Əfsuslar olsun ki, o sistem bizdə işləmədiyi üçün məcbur olub Rusiya və Gürcüstandan elektrik enerjisi aldıq. İyirmi saatdan artıq elektrik enerjisiz qaldıq.
O hadisənin baş verməsinin səbəbi uzunmüddətli səhlənkarlıq idi. Çox ağır qəza idi, sistemdə böyük güc itkisi olmuşdu. Əslinə qalsa, gərək ki, Abşeron yarımadası avtonom rejimdə çalışardı. Qəza olmuşdusa, sistem iki yerə parçalanmalı, Bakı-Abşeronun enerji təminatı qalmalı, bu ərazilər bu qəzanı hiss etməməliydi", - Cəfərov deyir.
Təcrübəli energetik hadisədə bütün həmkarlarının məsuliyyətsizliyinin rol oynadığını vurğulayır: "Energetika mürəkkəb sahə olduğu üçün gərək burada hər kəs öz işini görsün. Təxminən otuz-qırx elektrik stansiyası, yüzlərlə yarımstansiya, min kilometrlərlə xətt var və bütün bunlar hamısı hörümçək toru kimi Azərbaycanı əhatə edib. Gərək hərə öz yerində işini vicdanla yerinə yetirsin.
İntellektual dəyişikliyə özü istiqamət verən avtomatika sistemi var, gərək o sistemin energetika sahəsində tətbiqi və keyfiyyətini yüksəldək ki, belə hadisələr baş verdikdə çətin vəziyyətə düşməyək".
Əlli metr havada
T.Cəfərovun sözlərinə görə, əsas çətinlik sıravi elektrik-çilingərlərin üzərindədir: "Hansısa qəza baş verdikdə də əsas yük onların çiyinlərinə düşür, günün hansı saatı, ilin hansı fəsli olmasından, havanın isti-soyuq, küləkli, yaxud yağışlı keçməsindən asılı olmayaraq bu insanlar əlli metr hündürlüyə qalxırlar. Biz isə işə ümumi nəzarəti həyata keçiririk. Bizim də işimizin özünə görə çətinliyi var".
Təbiətdən gələn işıq
Həmsöhbətimiz deyir ki, on ildən artıqdır ki, Azərbaycanda alternativ enerji mənbələrini elektrik enerjisinə çevirməklə məşğuldurlar və ilbəil bu istehsalı artırmağa çalışırlar: "Qarabağda da yaşıl enerjiyə üstünlük veriləcək, işğaldan azad olunan torpaqlarda 230 meqavatlıq Günəş elektrik stansiyasının inşası, 100 meqavatlıq külək parkının quraşdırılması planlaşdırılır.
Yeni Yaşmada 50 meqavatlıq külək stansiyası qurulub. Orada 7-8 milyon manatlıq elektrik enerjisi istehsal edilir.
Alternativ enerjiyə həm də su elektrik stansiyaları aiddir. İki su elektrik stansiyamız da var ki, onlardan biri 100, digəri 40 meqavat gücündədir. Yaxın illərdə onlar işə salınacaq. Qarabağda ümumi gücü təxminən 80 meqavat olan çoxlu su elektrik stansiyası var ki, onlar da tədricən bərpa olunacaq.
Bizim nəzdimizdə olan Günəş və külək elektrik stansiyalarından il ərzində təxminən 10 milyon kilovat/saat enerji istehsal edilir. Bütün bunların gücü ilə Azərbaycanda karbohidrogen yandırılmadan elektrik enerjisinin istehsalı 8-10 faizdir".
Zibili yandırmaq xeyirlidir
Energetik bildirir ki, strategiyamızı bərk məişət tullantılarının yandırılmasına yönəltməliyik: "Hər evdən gün ərzində iki-üç kiloqram bərk məişət tullantısı çıxır. Elektrik üzrə iki milyon abonent varsa, bu, təxminən altı-yeddi min ton yanacaq deməkdir. Bu tullantılar aşağı kalorili yanacaq olsa da, böyük xərclər olmadan elektrik enerjisinin əldə olunmasına imkan verir. Balaxanıda olan stansiyalarda Bakının bərk məişət tullantıları yığılaraq yandırılır. Digər iri şəhərlərdə də bu işlər görülməlidir. Çünki hər rayonun özünün 10-20 hektarlıq zibillik sahələri var ki, oradan keçmək mümkün deyil".
2018-ci ilin "qaranlığı"
Xatırladaq ki, 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən, ölkənin ən böyük elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış olmuş, qəza yanğınla nəticələnmişdi. Bütün ölkə ərazisinə elektrik enerjisinin verilişi kəsilmişdi. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilmiş, yanğın 20 dəqiqə ərzində söndürülmüşdü.
1991-ci ildə Azərbaycanda Sovet İttifaqının dağılmasından sonra bu, ilk belə fövqəladə hal idi.
İşıqlı insanların günü
On yeddi ildir ki, Azərbaycan energetikləri oktyabrın 20-ni peşə bayramı kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. 40 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarix Energetiklər Günü olaraq qeyd olunur.