BAKI, 20 oktyabr — Sputnik. Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında şirkətində maraqlıdır. Bunu "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bildirib.
“Rusiya şirkətlərinin sərgidə iştirakı olduqca önəmlidir. Sərgidə Rusiya Federasiyasının müxtəlif yerlərindən xeyli sayda şirkət iştirak edir. Səfir olaraq, Rusiya şirkətlərinin Azərbaycandakı sərgiyə belə maraq göstərməsindən məmnunam. Bu sərgidə gördüklərim məndə ciddi ümidlər yaradır. Müxtəlif tikinti sahələrində Rusiya şirkətlərinin təcrübəsi nəzərə alındıqda, biz Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirak etməsində maraqlıyıq”, - deyə diplomat bildirib.
Bu yaxınlarda Azərbaycana Rusiyadan böyük biznes nümayəndə heyətinin gəldiyini xatırladan səfir daha bir nümayəndə heyətinin noyabrda Bakıya gələcəyini bildirib.
“Mən sərgiyə, həmçinin burda iştirak edən şirkətlərə uğurlar arzulayıram”, - deyə Boçarnikov bildirib.
Rebuild Karabakh 2021
Qeyd edək ki, "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
"Caspian Event Organaisers"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh"sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.
"Caspian Event Organisers" şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan Anlaşma Memorandumuna əsasən, "Rebuild Karabakh" sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi azad edilən ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda yönləndiriləcək. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaq.
Bundan başqa, qeyd edək ki, "Rebuild Karabakh" sərgisinin proqramına “Azərbaycanda yaradılan biznes mühiti və investisiya imkanları”, “İşğaldan azad olunan ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunan bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”, “Rəqəmsal iqtisadiyyat”, "Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularında təqdimatlar daxildir.
Qeyd edək ki, Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40%-ni təşkil edir.
Mədəni proqram çərçivəsində sərginin bütün günlərində xüsusi olaraq təşkil edilən "Qarabağ inciləri" zonasındakı foyedə Qarabağ bölgəsinin zəngin musiqi irsini əks etdirən müxtəlif tədbirlər keçiriləcək. Burada uşaqlar üçün Qarabağ haqqında kitablar, Qarabağ bölgəsinin geyimləri, "Qarabağ" şahmat fiqurları, Qarabağ xalçaları, Qarabağ mənzərələri fonunda şəkil çəkdirib və dərhal sosial şəbəkələrdə paylaşa biləcəyiniz "360 video spinner" görə biləcəksiniz.
Həmçinin oxuyun: